MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

“Prezident Azərbaycanın növbəti 100 illik iqtisadi rifahını sığortalamaq istəyir” - Kamal Cəfərov

13:20 17.11.2022



“Əziz həmkarlar və hökumət üzvləri, bu gün dövlət büdcəsinin layihəsini 3 aktual konspetdən qiymətləndirəcəyəm. Çünki həm tarixi Zəfərimiz, həm də daxili və xarici siyasətdəki yeniliklər bu yanaşmanı şərtləndirir”.

 

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Kamal Cəfərov Milli Məclisdə çıxışı zamanı bildirib.

“Birincisi, dövlət büdcəsinin bu günə qədər ən böyük büdcə olmasının səbəbi Azərbaycanın yeni bir dövrə - postkonflikt dövrünə qədəm qoyması il bağlıdır. Yaxın keçmiş tarixi tədqiq etsək görərik ki, bir çox postkonflikt ölkələr, o cümlədən Xorvatiya, İraq, Əfqanıstanın iqtisadi bərpası çox ciddi problemlərlə üz-üzə qalıb və bunun üçün on illər sərf edilib.

Əziz həmkarlar, bu gün müzakirə etdiyimiz dövlət büdcəsini və dünən cənab Prezident tərəfindən təsdiq edilmiş Böyük Qayıdışa dair I Dövlət Proqramını müqayisəli analiz etsək, görərik ki, gərgin geosiyasi vəziyyət fonunda Prezident İlham Əliyev Azərbaycan iqtisadi inkişafını nəinki münaqişədən əvvəlki tempə qaytarmaq, yeni iqtisadi inkişaf modelinin qurulması ilə əvvəlkindən daha çox inkişaf etdirmək hədəfini müəyyənləşdirib”, - deyə deputat bildirib.

 
 

YAP idarə heyətinin üzvü bu yeni inkişaf modelində Qarabağ və Şərqi Zəngəzur iqtisadi regionlarında həyata keçirilən bərpa və quruculuq işləri ilə ölkəmizin digər rayonlarında həyata keçirilən infrastruktur layihələri vəhdət təşkil edir: “Digər tərəfdən, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən kənd təsərrüfatı, yaşıl enerji, turizm və beynəlxalq nəqliyyat dəhlizi layihələri milli iqtisadiyyatımızı növbəti illərdə daha da inkişaf etdirəcək və yeni iş imkanları yaradacaq. Bu kontekstdə Zəngəzur dəhlizin əhəmiyyətini qeyd etmək çox mühümdür. Əgər bu gün Azərbaycanın təbii sərvəti neftdirsə, Zəngəzur dəhlizi ilə birlikdə gələcək təbii sərvətimiz nəqliyyat dəhlizləri olacaq”.

Kamal Cəfərovun qeyd edib ki, Azərbaycan Prezidenti böyük dövlətlərin təzyiqinə və həmin dövlətlərin bir-biri ilə maraqlar toqquşmasına baxmayaraq, Çin və Avropa arasında 600 milyard avro dəyərində ticarət dövriyəsinin Azərbaycandan, Naxçıvandan keçməsini istəyir: “Çünki o Azərbaycanın növbəti 10 ilini yox, 100 il ərzində iqtisadi rifahını sığortalamaq istəyir. Zəngəzur dəhlizinin reallaşması ilə Avrasiya regionun iqtisadi xəritəsi də dəyişəcək. Əlbəttə, Azərbaycanın enerji və beynəlxalq nəqliyyat dəhlizləri təşəbbüslərindən kənar qalan böyük dövlətlərin təxribatları da bizə yad deyil. 1994-cü ildə Əsrin müqaviləsinin imzalanması ərəfəsində təxribatı yaxşı xatırlayırsınız. İndi sadəcə o zaman deyil ki, ölkə daxilində təxribat etsinlər. Çünki Azərbaycan tarixdə olmadığı qədər güclü və müstəqildir. Təxribatları isə yalnız nota və ya qətnamə formatında ola bilər”.

Kamal Cəfərov vurğulayıb ki, Fransa parlamenti tərəfindən qəbul edilən qətnamə də bu qəbildəndir: “Dünən bizim qəbul etdiyimiz bəyanat da kifayət qədər sərt və adekvat idi. Fransa Senatında beynəlxalq hüquqazidd qətnamənin lehinə səs verən deputatlar əmin olsun ki, Ermənistanı bizim irəli sürdüyümüz şərtlərlə sülh müqaviləsi imzalamağa məcbur da edəcəyik, Zəngəzur dəhlizini də reallaşdıracağıq, çünki bizim mübarizəmiz haqq mübarizəsidir. Əziz həmkarlar, bildiyiniz kimi, bu gün müzakirə etdiyimiz dövlət büdcəsi, yüksək sosial- iqtisadi rifah, müasir ordu quruculuğu, o cümlədən hüquqi dövlət bazası ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycançılıq ideologiyası və dövlətçilik modelinin çiyinləri üzərindədir. Hesab edirəm ki, bu günlərdə Milli Dirçəliş Günü, Zəfər Günü, Bayraq Günü, ərəfələrində dövlət büdcəsinin layihəsinə bu konteksdən qiymət vermək yerinə düşərdi”.

Deputat xatırladıb ki, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının, onun simasında 91 ziyalının müraciətinə müsbət cavab verərək Yeni Azərbaycan Partiyasının əsasının qoyulmasının 30 ili tamam olur: “Bu 30 illik yubiley təkcə YAP-ın yubileyi deyil, həm də müstəqil Azərbaycan dövlətçiliyinin yubileyidir. Belə ki, Azərbaycan dövlətinin son 30 ildə əldə etdiyi uğurlar, iqtidar partiyası kimi, həm də Yeni Azərbaycan Partiyası ilə də bağlıdır. Bizim partiyamız daim islahatlar yolunda olub. Sonuncu qurultayda Azərbaycanın mədəni, sosial, humanitar, idman və digər sahələrdə çox böyük işlər görmüş, vətəndaşlar və partiya üzvlərimiz arasında çox böyük nüfuz qazanmış Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanımın partiyamızın sədrinin 1-ci müavini vəzifəsinə seçilməsi çox mühüm bir hadisə oldu. Eyni zamanda partiyamızın fəaliyyəti ilə bağlı digər islahatlar həyata keçirildi.

Əziz dostlar, Yeni Azərbaycan Partiyası elə bir partiyadır ki, elə onun yubiley yaşı qədər yaşı olan gənc deputat deyə bilir ki, YAP partiyası bizim partiyamızdır, bizik, elə daha çox biz gənclərin partiyasıdır. Bu isə ulu öndər Heydər Əliyevin vaxtilə müəyyən etdiyi YAP dünənin, bugünün və gələcəyin partiyası siyasi xətti ilə bağlıdır. Əziz partiya üzvləri, hər birinizi qarşıdan gələn 30 illik yubiley münasibətilə təbrik edirəm, fəaliyyətinizdə uğurlar, möhkəm cansağlığı arzu edirəm”.

 

 

Məqaləni dərc edən xəbər saytları:

1. https://qafqazinfo.az/news/detail/prezident-azerbaycanin-novbeti-100-illik-iqtisadi-rifahini-sigortalamaq-isteyir-kamal-ceferov-382403

2. https://www.azerbaycan24.com/prezident-azerbaycanin-novbeti-100-illik-iqtisadi-rifahini-sigortalamaq-isteyir-kamal-ceferov/